“Qeyri-neft sektorunun ümumi iqtisadi artıma təsir imkanları daha da genişlənib” - Rəy  

17:41 01.08.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Demək olar ki, bu ilin birinci yarısında Azərbaycan müəyyənləşdirdiyi iqtisadi prioritetlərə nail ola bilib.Çünki ötən 6 ay müddətində ölkə iqtisadiyyatı 2.4 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də artan faizi 3.2-dir. Qeyri-neft sənayesində artım 15,7 faizdir ki, bu da nəticə etibarı ilə ÜDM-dəki artımın daha çox qeyri-neft sektorundakı artım hesabına formalaşması anlamına gəlir”. Bu fikirləri hafta.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert vurğulayıb ki, göstəricilərə baxdıqda qeyri-neft sektorunun ümumi iqtisadi artıma təsir imkanlarının daha geniş olduğu bir daha özünü göstərir: “Bu da ilin birinci yarısının pozitiv cəhətlərindəndir. Çünki prioritetlərimizdən biri məhz qeyri-neft sektorunun ümumi artımda payını artırmaqdan ibarət idi. Bu, qeyri-neft sənayesinin ÜDM-dəki daha dayanıqlı olması baxımından artım tempinin formalaşmasına imkan verir ”.

V. Bayramov bildirib ki, ötən ilin 6 ayında iqtisadi göstəricilərlə əlaqədar mühüm məqamlardan biri dövlət rezervləri ilə bağlıdır: “Belə ki, burada 4 milyard dollara yaxın artım qeydə alınıb. Bu da əlbəttə ki ötən gün Preziden İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də qeyd olunduğu kimi xərcləmələrin konsolidasiya olunması, səmərəlilik prinsipinin həyata keçirilməsi büdcədə kəskin xərcləmələrə gedilməməsi, eləcə də Dövlət Neft Fondundan büdcəyə transferlərin optimallaşdırılması ilə bağlıdır. Eyni zamanda neftin dünya bazarında da qiymətin proqnozlaşdırılandan daha yüksək oldu. Bildiyimiz kimi, bu ilin büdcəsində neftin qiyməti 60 dollar, lakin satış qiyməti 65 dollardan çox oldu. Bu baxımdan valyuta yığımı daha geniş olub ki, bunun da nəticəsində Azərbaycan 6 ay müddətində dövlət rezervlərini artırmaq imkanına malik olub. Digər tərəfdən gündəmdə olan məsələlərdən biri nağdsız ödənişlərin artırılmasıdır ki, bununla bağlı Prezident İlham Əliyev tərəfindən xüsusi tapşırıq verilib. Nağdsız ödənişlərin artırılması bir tərəfdən kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi baxımından, həm büdcədən yayınmaların aradan qaldırılması, həm də bütövlükdə nəğd pul dövriyyəsinin optimallaşdırılması baxımından vacibdir: “Dövlət başçısının ötəngünkü müşavirədə tapşırıqlarına uyğun olaraq nağsız hesablaşmaların payının artması, nağdlı hesablaşmaların azaldılması istiqamətində daha fərqli fəaliyyətlər həyata keçiriləcək”.